24/10/2023
Çöl pişiyi və ya vəhşı pişik, pişiklər fəsiləsinin yırtıcı məməli heyvanıdır və Azərbaycan ərazisində həmişə nadir görünən heyvan növlərindən biri olmuşdur. Keçən əsrin 50-ci illərində Muğan və Salyan düzlərində, eləcə də Naxçıvanda, Araz vadisində çoxsaylı olmuş, indi isə həmin yerlərdə çox az rast gəlinəndir. 1965-ci ildə Acınohur çölündə 4 ədədi müşahidə edilmişdir. Hal-hazırda isə sayı məlum deyil. Xarici görkəmiylə və boz rəngiylə adi ev pişiyinə bənziyir. Lakin ev pişiyinə nisbətən çöl pişiyinin ölçüsü daha iri, quyruğu isə daha qalındır. Bədənin uzunluğu adətən 75-80 sm; quyruğun uzunluğu 30-34 sm; çəkisi isə 6-10 kq aralıqlarında olur.
06/06/2022
5 iyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası(ATOTA) təmizlik işləri həyata keçirib. ATOTA-nın əməkdaşları çimərlik ərazilərini yüngül məişət tuallantılarından təmizləyib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunmasına qərar verilib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanılıb. Bu il Ümumdünya Ətraf Mühit Günü "Yeganə planet" şüarı altında keçirilir.
10/05/2022
10 may - Beynəlxalq Köçəri Quşlar Günüdür
2006-ci ildən başlayaraq qlobal səviyyədə qeyd olunan bu günün əsas mahiyyəti həm dövlət, həm də qeyri-dövlət təşkilatlarının, eyni zamanda, vətəndaşların diqqətini köçəri quşların mühafizəsinə cəlb etməkdən ibarətdir.
Ölkəmiz quşların faunası baxımından olduqca zəngindir. Quşların 40 faizi oturaq növ olmaqla Azərbaycanda ilboyu müşahidə edilir, digər növlər isə qışlayan və köç vaxtı ölkəmizdə qeydə alınan növlərdir.
🌾 Hər il Azərbaycan ərazisindən 20 milyondan çox təkcə su-bataqlıq quşu keçir. Həm istirahət, həm yemlənmək, həm də dayanacaq kimi buradan istifadə edirlər. Ölkəmizdə su-bataqlıq quşlarının qorunması məqsədilə Qızılağac, Ağgöl, Abşeron və Şirvan Milli parkları təşkil edilib.
Sadalanan milli parkların ərazisində ekoloji turizmin istiqaməti olan quşların müşahidəsi üçün geniş imkanlar var. Milli parklarımızı ziyarət edən turistlər burada ilboyu həm qışlama, həm köç, həm də yuvalama zamanı quşların müşahidəsini həyata keçirə bilərlər.
10/05/2022
Ümummili Lider Heydər Əliyevi hörmətlə anırıq!
28/04/2022
Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək.
Xidmət rəisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.
26/04/2022
Qoturdağ və Nardanaxtarma palçıq vulkanı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
22/04/2022
22 aprel - Beynəlxalq Yer Günüdür
Beynəlхalq Yer Gününün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında "Ağac günü" kimi qeyd olunmağa başlanılıb. 1970-ci ildən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək "Yer günü" adlandırılıb.
Bu il Yer Gününün mövzusu “Planetimizə İnvestisiya”dır.
21/04/2022
"Meşə yanğınları insanların ehtiyatsızlığından baş verir"
“Meşə fondu ərazilərində və digər yaşıllıq sahələrində vaxtaşırı yanğın hadisələri qeydə alınır ki, bunların da əksəriyyəti insanların ehtiyatsızlığından irəli gəlir”.
Bunu mətbuata açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Onun sözlərinə görə, havaların istiləşməsi, küləkli hava şəraitinin üstünlük təşkil etməsi meşə yanğınlarının baş vermə təhlükəsini artırır.
F.Əliyev yanğın hadisələrinin baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğına şərait yaradan bütün hallara qarşı birgə mübarizəyə çağırıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı Nazirliyinin nazir müavinlərinin, Baş Prokurorluğun əməkdaşlarının və icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə rayonlarda “Təbiət ərazilərində yanğın təhlükəsizliyi” mövzusunda görüşlər keçirilir.
15/04/2022
15 aprel “Ekoloji bilik günü” kimi bütün dünyada qeyd olunur
1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin ətraf mühit problemlərinə həsr olunan konfransında bəşəriyyətin davamlı inkişafı üçün ekoloji təhsilin əhəmiyyəti vurğulanıb və həmin vaxtdan etibarən 15 aprel “Ekoloji bilik günü” kimi bütün dünyada qeyd olunmağa başlayıb.
Dünya miqyasında bu günün təsis olunmasında məqsəd cəmiyyətdə ekoloji biliklərin, ekoloji mədəniyyətin formalaşması və dünya əhalisinin ekoloji təhsilinin əhəmiyyətinə diqqət çəkməkdir.
13/04/2022
Aprel ayının ilk günlərindən başlayaraq ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
“Kür çayının yuxarı axınında, Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 99 sm, su sərfi 2,1 dəfə, Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 45 sm, su sərfi isə 1,7 dəfə artıb. Kiçik Qafqazın ərazisindən axan çaylarda 23 faiz, Böyük Qafqaz çaylarında isə 26 faiz artım qeydə alınıb”.
A.Verdiyev qeyd edib ki, nəticədə Kür çayının aşağı axınında suyun səviyyəsi aprel ayının əvvəlindən bu günə kim Yevlax məntəqəsində 17 sm, Zərdabda 50 sm, Surrada 23 sm, Şirvanda 12 sm, Salyanda 15 sm, Bankədə 15 sm, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm yüksəlib. Çayda suyun həcmi Yevlaxda 19 faiz, Zərdabda 31 faiz, Surrada 19 faiz, Araz çayının Novruzlu məntəqəsində isə 23 faiz artıb.
“Kür çayının Surra məntəqəsində suyun həcminin artmasına baxmayaraq aşağı ərazilərdə sudan müxtəlif sahələrdə istifadə ilə bağlı suyun həcmində azalma baş verir ki, bu da Salyan və xüsusən də Neftçala rayonu ərazisində axının sürətinin azalmasına gətirib çıxarır”.
Xidmət rəsmisinin sözlərinə görə, Xəzər dənizinin sahilyanı əraziləri üçün xarakterik olan şimal-şərq küləyinin güclənməsi zamanı yaranan dalğalanma nəticəsində Kür çayının məcrasında əks axın baş verir ki, nəticədə çayda duzluluğun miqdarı artır. Belə ki, Kür-Bankə məntəqəsində aprelin 12-də çayda duzluluğun miqdarı 4,1 q/l, 13-də isə 6,3 q/l olub.
10/04/2022
"Yer Kürəsi" günü ərəfəsində Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının (ATOTA) dəstəyi ilə, "Learn to Care" ekoloji maarifləndirmə layihəsi Pirşağı qəsəbəsində Tərəvəzçilik Elmi -Tədqiqat İnstitunun ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyada ATOTA -nın nümayəndələri, Learn to Care layihəsinin iştirakçıları, Bakı Slavyan Universiteti - BSU - nun tələbələri, EducationUSA Azerbaijan programının üzvləri iştirak ediblər.
Tədbirdə, həmçinin iştirakçılar üçün ərazidə yerləşən təcrübə istixanalara ekskursiya təşkil olunub.
08/04/2022
Ölkə ərazisinin meşə fondu torpaqlarının açıq ərazilərində yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam edir.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, bu gün Tovuz, Ağstafa, Göygöl rayonlarının meşə fondu torpaqlarının 6,5 hektar ərazisində 10 775 meşəcinsli ağac əkilib.
“Yaz ağac əkini başlayandan bugünədək meşə fondu torpaqlarında ümumilikdə 303 hektar ərazidə 600 000-ə yaxın meşəcinsli ağac əkilib, 5800 kiloqram palıd və göyrüş toxumu səpilib”.