Ümid Partiyası Balakən Rayon Təşkilatı
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ümid Partiyası Balakən Rayon Təşkilatı, Political organisation, .
27/05/2026
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
1918-ci ilin 28 mayında Məhəmmədəmin Rəsulzadə və silahdaşlarının böyük fədakarlığı ilə müsəlman dünyasında ilk dünyəvi demokratik Respublikanın qurulması xalqımızın tarixi nailiyyətidir və ötən əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublika əsasında yaradılması xalqımızın demokratik ruha malik olması ilə bilavasitə bağlıdır.
Azərbaycan Xalq Cümhuriyyəti dünya respublikaçılıq təcrübəsindən və quzeyli, güneyli Azərbaycan xalqının azadlıq ideyalarının bəhrəsi idi. İki il ərzində o vaxtadək mövcud olan bəzi dövlətlərin həyata keçirə bilmədiyi islahatların gerçəkləşdirilməsi Azərbaycan Xalq Cümhuriyyəti banilərinin siyasi uzaqgörənliyindən, idarəçilik səriştəsindən, xalqa və dövlətə bağlılığından, sədaqətindən xəbər verirdi.
Yeni dövrdə müstəqillik əldə etmiş Quzey Azərbaycanda Respublika elan olunması da Azərbaycan Xalq Cümhuriyyətinin mirasına əsaslanıb.
Cümhuriyyətçilik ideyaları, müstəqillik və Azərbaycan Respublikasının bütövlüyü uğrunda mübarizədə onminlərlə insan canından keçib.
Bu gün Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələri, Respublikamızın vətəndaşları çiyin-çiyinə müstəqilliyin daha da möhkəmlənməsi və demokratik idarəçiliyin qurulması uğrunda çalışırlar.
Müstəqillik uğrunda mübarizəmiz bizə itkisiz başa gəlməyib. Bu yolda onminlərlə şəhid vermişik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayırıq!
Bu gün insan haqları, demokratik azadlıqlar sahəsində problemlərimiz var. Regionda geosiyasi vəziyyət və idarəçilikdəki bəzi yanaşmalar, ötən əsrin əvvəlində olduğu kimi müstəqilliyimiz üçün yeni xarici təhdidlər ümummilli problem olaraq qalmaqdadır.
Ümid Partiyası hesab edir ki, qarşıda dayanan bütün milli problemlərin həlli üçün respublikaçılıq, qanunların və hüququn aliliyi prinsipləri daim yüksəkdə tutulmalı, bu prinsiplər əsasında şərqdə ilk cümhuriyyət qurmuş tarixi şəxsiyyətlərimiz təbliğ edilməli, insanımızda yüksək vətəndaşlıq şüuru formalaşdırılmalıdır.
Azərbaycan dövlətində yaşayan bütün insanları respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə qoşulmağa çağırırıq.
Ölkəmizin müstəqilliyinin, bir ildən az vaxtda əldə etdiyi suverenliyinin əbədi olmasını, xalqımızın firavan, azad, demokratik, bütün hüquqların qorunduğu bir cəmiyyətdə yaşamasını arzulayırıq.
Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti bir daha hər kəsi Müstəqillik Gününün (Respublika Günü) 108-ci ildönümü münasibətilə təbrik edir, dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda uğurlar arzulayır.
Ərazi bütövlüyümüzün qorunmasında, torpaqlarımızın işğaldan azad edilməsində canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
27/05/2026
Azərbaycan Ümid Partiyası LAF TV-ni təbrik etdi
Bu gün LAF TV İnternet Televiziyasının 6 yaşı tamam olur.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti LAF TV-yə dünyanın harasında olmasına baxmayaraq, hər bir azərbaycanlının sevimli televiziyası olmağını diləyir, insanları hər zamankı kimi siyasi mənsubiyyətinə, milliyətinə, dininə, məzhəbinə, təriqətinə görə ayrıseçkilik etmədən uğurlar əldə etməyini arzulayır.
Bir daha təbriklər!
Müqəddəs Qurban bayramı münasibətilə bütün ÜMİD ailəsini və bizi izləyən hər kəsi təbrik edirik.
26/05/2026
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında ölkədə 6.332.000 seçici olduğu bildirilib.
Dövlət Statistika Komitəsi də 18 yaşına çatmamış Azərbaycan vətəndaşlarının sayı 2.634.000 nəfərdir deyir.
Yenə Dövlət Statistika Komitəsinə istinadən qeyd edim ki, ölkə vətəndaşlarının ümumi sayı 10.268.000 nəfərdir.
Verilən statistikadan aydın olur ki, ölkədə
əhalinin ümumi sayı 8.966.000 nəfərdir.
(2634000+6332000=89666000)
Bəs nədən ölkə vətəndaşlarının sayı 10.268.165 nəfər göstərilir?
Əgər bu rəqəm doğrudursa, bəs 1.302.000 vətəndaş hansı siyahıda yer alıb?
Kimsə iddia etməsin ki, onlar ölkədən mühacirət ediblər və ya iş üçün başqa dövlətlərə üz tutublar.
Belə olan halda, o şəxslər vətəndaşlıq almayanadək ölkə vətəndaşı hesab olunurlar və seçici siyahısında adlarının olması mütləqdir.
Yox, başqa ölkə vətəndaşlığını qəbul ediblərsə, o zaman vətəndaş siyahısından çıxmalı, ölkə vətəndaşı hesab olunmamalıdırlar.
Buna hansı dövlət qurumu aydınlıq gətirə bilər?
Bizim 1.302.000 vətəndaşımız kimin siyahısındadır???
P.S. Bu, sıradan bir statistik məlumat yanlışlığı deyil, bütün hesabatlar və rəqəmlər ölkə əhalisinin rəsmi sayına görə verilir...
İqbal Ağazadə
26/05/2026
Əziz Soydaşlarım!
Sizi dünya müsəlmanlarının birlik, bərabərlik və həmrəylik bayramı olan müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirəm.
Ulu Tanrıdan mübarək bayram günlərində etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını arzulayıram.
Xeyirxahlığın, Tanrı mərhəmətinin, bərabərliyin, paylaşmanın rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edir.
Azərbaycan Ümid Partiyası olaraq, biz hər zaman cəmiyyətdə barışın, dialoqun, qarşılıqlı anlaşmanın tərəfdarıyıq.
Dəyərli Soydaşlarım!
Qurban bayramı Tanrıya inamın, sədaqətin, ibadətin, əhdə vəfanın və Uca Yaradan qarşısında sınaqdan çıxmanın ən gözəl nümunəsidir. Uca Yaradan Həzrəti İbrahim kimi xalqımızı bütün sınaqlardan üzüağ, alnıaçıq çıxarsın.
Bu vətən üçün gözünü qırpmadan canını qurban verən Şəhidlərimiz var.
Allah onlara rəhmət etsin, ruhları şad olsun!
Bizə Zəfər hissini yaşadan Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, doğmalarına təşəkkür edir, onlara uzun ömür, can sağlığı arzulayır, qazilərimizə, yaralılarımıza sağlam ömür diləyirik!
Əziz soydaşlarım!
Sizi bir daha Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban Bayramınız mübarək, kəsdiyiniz qurbanlar, etdiyiniz dualar qəbul olsun!
Sevgi və sayğılarla
İqbal Ağazadə
26/05/2026
Azərbaycan Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə “LAF TV” kanalında Leman Eleşrefqızının təqdimatında canlı efir qonağıdır.
Link rəydə
26/05/2026
ABŞ son həftələrdə UNO-larla bağlı videolar və məlumatlar paylaşmağa davam edir - Tamilla Qulami şərh edir…
Ötən günlərdə sözügedən məlumatların ikinci hissəsi də yayımlandı. Lakin paylaşılan videoların keyfiyyətinin çox aşağı olması və UNO-ların varlığını təsdiq edəcək nəyinsə olmaması diqqət çəkir. Ekspertlər bunu ABŞ Prezidenti Donald Trampın Epşteyn məsələsini unutdurmaq və aralıq seçkiləri öncəsi reytinqini yüksəltmək üçün atdığı bir addım kimi qiymətləndirirlər.
Maraqlıdır, paylaşılan keyfiyyətsiz UNO videoları əslində siyasi məqsədə və gündəm dəyişdirməyə xidmət edir, yoxsa Trampın başqa planı var?
Azərbaycan Ümid Partiyasının sədr müavini, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında bildirib ki, son dövrlərdə ABŞ-də UNO mövzusunun yenidən gündəmə gətirilməsi yalnız elmi və təhlükəsizlik məsələsi deyil, həm də ciddi siyasi kommunikasiya aləti kimi təqdim edilir:
“Xüsusilə də paylaşılan videoların aşağı keyfiyyətli olması, açıq və danılmaz sübut təqdim etməməsi cəmiyyətdə “niyə indi?” sualını daha da gücləndirir. Ona görə də bəzən bu sualı daxili siyasi gündəmlə əlaqələndirmək yerinə düşür. Xüsusilə də bunun noyabrda keçiriləcək aralıq seçkiləri öncəsi olması diqqət çəkir.
Üstəlik, ABŞ siyasətində diqqətin ictimai rezonans doğuran mövzulara yönləndirilməsi yeni taktika deyil. Tarix boyu hökumətlər və siyasi fiqurlar iqtisadi böhranlar, hüquqi qalmaqallar və ya seçki öncəsi reytinq problemləri fonunda cəmiyyətin diqqətini emosional və daha müəmmalı mövzulara çəkməyə çalışıblar. UNO mövzusu isə həm qorxu, həm maraq, həm də media effekti yaratdığı üçün bu baxımdan çox əlverişli alətdir”.
Ekspert qeyd edib ki, Donald Tramp ətrafında müzakirə olunan Epşteyn dosyesi, məhkəmə prosesləri və seçki kampaniyası fonunda belə bir informasiya axınının təsadüfi olmadığı düşüncəsi müəyyən qədər məntiqli görünür:
“Digər tərəfdən isə ABŞ təhlükəsizlik strukturlarının son illərdə UNO məsələsini daha ciddi şəkildə müzakirəyə çıxarmasını yalnız siyasi manipulyasiya olduğunu zənn etmirəm. Pentaqon və kəşfiyyat qurumları bu obyektlərin bir hissəsinin rəqib dövlətlərin, xüsusilə də Çin və Rusiyanın inkişaf etdirdiyi yeni texnologiyalar ola biləcəyindən ehtiyat edir.
Ona görə bəzi ekspertlər hesab edir ki, yayılan videoların zəif keyfiyyəti əslində texniki imkanların məhdudluğundan deyil, müəyyən məlumatların qəsdən gizli saxlanılmasından qaynaqlanır. Yəni dövlət həm mövzunu gündəmdə saxlayır, həm də bütün detalları açıqlamır”.
Tamilla Qulami diqqətə çatdırıb ki, indiyə qədər yayılan materialların heç biridə UNO-ların varlığını sübut etməməsi ictimai rəy baxımından əsas problem sayılır:
“Məhz buna görə də skeptik yanaşma güclənir və insanlar bunu daha çox siyasi PR, gündəm dəyişdirmə və ya cəmiyyətin informasiya diqqətini parçalama strategiyası kimi qəbul etməyə başlayırlar. Bütün bunlara nəzər saldıqda, məsələni tamamilə yalan və ya tamamilə kosmik həqiqət kimi təqdim etmək düzgün olmazdı.
Zənnimcə, daha real ehtimal odur ki, ABŞ administrasiyası və siyasi dairələr UNO mövzusundan eyni anda bir neçə məqsəd üçün, həm milli təhlükəsizlik narrativi qurmaq, həm ictimai marağı idarə etmək, həm də daxili siyasi gündəmi yönləndirmək hədəflərilə istifadə edir.
Tramp faktorunun da burada rol oynadığı ehtimalı var, lakin proses təkcə bir şəxsin siyasi maraqları ilə məhdudlaşmır. Bu ABŞ-də media, təhlükəsizlik və siyasətin kəsişdiyi daha geniş strateji kommunikasiya mexanizminin bir hissəsi kimi görünür”.
Elmir Mustafa
25/05/2026
Ermənistan üçün seçim dilemması: Rusiya, yoxsa Qərb balansı?- Anar İsayev şərh edir…
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyanin siyasətini sərt şəkildə tənqid edir. O, Paşinyanı Rusiya ilə ənənəvi müttəfiqlikdən uzaqlaşmaqda və Qərbə yönəlməkdə ittiham edir. Medvedev bu kursun Ermənistan üçün iqtisadi və enerji sahəsində ciddi itkilər yarada biləcəyini bildirir, xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin zəifləməsini təhlükəli sayır. O, eyni zamanda Moskvanın Ermənistan xalqı ilə münasibətləri saxlamağa hazır olduğunu, lakin siyasi rəhbərliyin dəyişməsinin vacib olduğunu vurğulayır.
Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Dmitri Medvedevin bu tip bəyanatları Ermənistan–Rusiya münasibətlərində gərginliyin daha açıq və institusional mərhələyə keçdiyini göstərən siqnallardan biri kimi qiymətləndirilə bilər. Xüsusilə diqqət çəkən məqam odur ki, tənqid artıq yalnız siyasi kursa deyil, dolayısı ilə Ermənistan rəhbərliyinin legitimliyinə və gələcəyinə yönəlir.
Paşinyan hakimiyyəti son illərdə bir neçə istiqamətdə Moskvanı narahat edən addımlar atıb. Bunlara misal olaraq KTMT-ni açıq şəkildə tənqid etməsini, Rusiyanın təhlükəsizlik zəmanətlərinin effektiv olmadığını deməsini, Avropa İttifaqı və ABŞ-la təhlükəsizlik və siyasi əməkdaşlığı genişləndirməsini, Ermənistan ərazisində Aİ müşahidə missiyasının yerləşdirilməsini, həmçinin Roma Statutunun ratifikasiyası fonunda Kremlin narahatlığının artmasını göstərmək olar.
Politoloq bildirib ki, Medvedevin çıxışında “Ermənistan xalqı ilə münasibətləri qoruyuruq, problem rəhbərlikdədir” mesajı xüsusilə önəmlidir. Bu, Rusiyanın klassik siyasi ritorikasında tez-tez istifadə olunan yanaşmadır və dolayısı ilə hakimiyyət dəyişikliyi ehtimalına siyasi işarə kimi də şərh oluna bilər. Moskva bununla həm Ermənistan daxilindəki revanşist və Rusiyaya yaxın qüvvələrə mesaj verir, həm də Paşinyana təzyiq mexanizmini gücləndirir.
Digər mühüm məsələ iqtisadi və enerji amilidir. Ermənistanın qaz təchizatı, nüvə energetikası, yanacaq bazarı, əmək miqrasiyası və pul köçürmələri hələ də ciddi şəkildə Rusiya ilə bağlıdır. Moskva bu asılılığı siyasi təsir vasitəsi kimi istifadə edə biləcəyini nümayiş etdirməyə çalışır. Xüsusilə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərin zəifləməsi fonunda iqtisadi rıçaqların gündəmə gəlməsi mümkündür.
Anar İsayevin fikrincə, münasibətlərin tam qırılması ehtimalı yaxın perspektivdə yüksək görünmür. Çünki Ermənistan təhlükəsizlik baxımından hələ də tam alternativ sistem qurmayıb, Qərb isə hərbi baxımdan Rusiyanı əvəz edəcək tam mexanizm təqdim etmir. Moskva da Cənubi Qafqazda Ermənistanı tam itirmək istəmir.
Lakin ritorikanın sərtləşməsi göstərir ki, tərəflər arasında “strateji müttəfiqlik” modeli artıq əvvəlki formasında işləmir. Qarşıdakı dövrdə informasiya təzyiqi, iqtisadi rıçaqlar, daxili siyasi təsir cəhdləri və geosiyasi balans uğrunda mübarizənin daha da artması mümkündür.
İradə Cəlil, Bizimyol.info
25/05/2026
Azərbaycan Ümid Partiyası Xanlar Abbası təbrik etdi
Bu gün Ümid Partiyasının İdarə Heyətinin üzvü Xanlar Abbasın doğum günüdür.
Xanlar Abbas gənc yaşlarından siyasi fəaliyyətinə Ümid Partiyasında başlayıb. O, həmçinin bir sıra beynəlxalq tədbirlərin iştirakçısıdır.
Azərbaycan Respublikasının Milli Məclisi və Bələdiyyə seçkilərində Xanlar Abbasın namizədliyi dəfələrlə partiya tərəfindən irəli sürülüb və qeyd edək ki, o, öz dairəsində güclü rəqib olub.
Xanlar Abbas Azərbaycanda demokratik, şəffaf cəmiyyət quruculuğunda mübarizə aparır və siyasi fəaliyyətini bu gün də Azərbaycan Ümid Partiyasında davam etdirir.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti Xanlar bəyi təbrik edir, ona can sağlığı, uzun ömür, şəxsi həyatında və siyasi fəaliyyətində uğurlar arzulayır.
25/05/2026
Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Bakir Həsənbəyli “ARB 24” kanalında Çinarə Nurməmmədovanın təqdimatında “İşgüzar səhər” verilişinin canlı efir qonağı olub.
Link rəydə
