Qızıl TV

Qızıl TV

Teilen

Azadlıq uğrunda birlik!

09/09/2025
01/05/2025

Aclıq aksiyasının 31-ci günündə Tofiq Yaqublunun Azərbaycan cəmiyyətinə müraciəti

“Əziz dostlar, bəlkə də sizə sonuncu dəfə müraciət edirəm. Mənə qarşı çıxarılmış qanunsuz, əsassız və absurd ittihama etiraz olaraq keçirdiyim aclıq aksiyası ikinci aya keçdi. Etiraf edim ki, çox ağır və əzablı prosesdir, lakin bunun mənim əzmimə və iradəmə heç bir təsiri yoxdur. Əksinə, günlər keçdikcə qətiyyətim daha da artır. İlham Əliyevin mənə və mənim ailəmə vurduğu yaraları, etdiyi pislikləri sadalamaqla qurtaran deyil. Onlardan indiki durumuma aid olan birini deyim. 2015-ci ildə yenə də qanunsuz və əsassız şəkildə həbsdə olduğum zaman ilk nəvəm dünyaya gəldi. Lakin bu körpənin dünyaya gəlişi bizim ailəyə faciə gətirdi. Mələk balam Nərgiz öz körpəsini görmədən həyatını itirdi. Bu günlərdə ikinci nəvəm dünyaya gələcək. Bu körpənin də dünyaya gəlişi bizim ailənin faciəsinə çevrilə bilər. Həmin ərəfədə mənim həyatımı itirə biləcəyim ehtimalı olduqca yüksəkdir. 1993-cü ildən bəri 4 dəfə cinayət ittihamı ilə məhkum olunmuşam və sayını itirdiyim qədər də inzibati həbslərə məruz qalmışam. Bütün bu ittihamlar siyasi sifariş əsasında olub və onların şəxsən İlham Əliyevə nə qədər aidiyyatı varsa, mənə də o qədər aidiyyatı var. Mən heç bir cinayət törətməmişəm. Sadəcə olaraq Əliyev hakimiyyətinin törətdiyi cinayətləri və etdiyi səhvləri onun üzünə demişəm, xalqı öz hüquqları uğrunda mübarizəyə səsləmişəm. Mənim bütün “cinayətlərim” bundan ibarətdir.

Əziz dostlar, həbs edildiyim ilk gündən, xüsusi ilə də aclıq aksiyasına başladığım dövrdən mənə möhtəşəm dəstək verməyinizdən, mənim haqqında xoş sözlər demənizdən və yüksək qiymətləndirmənizdən xəbərim var. Buna görə hər birinizə ürəkdən təşəkkür edirəm. Sizin mənə bu münasibətinizdən doğan ərkdən istifadə edərək sizdən bir təmənnam var. Bilirsiniz ki, Əliyevlər rejiminin bu illər ərzində siyasi məhbuslar üzərində qurduğu bütün istintaqlar eynən mənim işimdə olduğu kimi absurd və uydurmalardan ibarətdir. Ümumi şəkildə bu məhkəmə proseslərində çıxarılmış hökmlərin əsassızlığını sübut edən detallardan xəbərsizik. Siyasi məhbusların məhkəmə zallarındakı ittihamı alt-üst edən çıxışları, alibiləri, gətirdikləri sübut və faktları elə məhkəmə divarları arasında qalır. Məhkəmə prosesindən yazılmış reportajlar və təəssüratlar onların heç 1 fazini də çölə çıxarmağa qadir deyil. Bildiyiniz kimi sonuncu məhkəmə prosesində 134 səhifəlik son söz yazmışam. Həmin son sözümdə mənə qarşı irəli sürülmüş ittihamı elə darmadağın etmişəm ki, hətta mən hər hansı səbəbdən bu uydurma cinayəti boynuma götürməyə məcbur olsaydım belə, hakimin mənə bəraət verməkdən başqa yolu qalmazdı. Biz hakimiyyəti ittiham edəndə ümumi sözlərdən yox, sübutlardan və faktlardan istifadə etməliyik. Mənim yazdığım son sözü 2-3 günə rahatca oxuyub qurtarmaq olar. Odur ki, sizdən bri ricam var. Əgər həyatımın bu son günlərində sizdən daha çox dəstək hiss etməyimi istəyirsinizsə, həmin son sözü əvvəldən axıra qədər oxuyun, rəylərinizi bildirin və onu da başqalarına tövsiyyə edin.

Dostlar, əlbəttə ki, mən yaşamaq istəyirəm, amma nə edim ki, Əliyev rejimi mənə başqa seçim imkanı vermədi və mən ömrümün son günlərini həbsxanada keçirmək istəmirəm. Düşünürəm ki, ölsəm, bu, boşuna getməz və dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini cəlb edər. Bu antiinsani və antixalq rejimə qarşı daha ciddi tədbirlərin görülməsinə səbəb olar. Cəmiyyətimizdə də onu istismar edən, talayan və təhqir edən bu rejimə qarşı nifrət hissini gücləndirər, eyni zamanda mübarizəyə səsləndirər. Ümid edirəm ki, mənim bu xahişimi yerə salmazsınız. Sizləri dünyalar qədər sevirəm. Sağ olun və haqqınızı halal edin. Xahiş edirəm bu müraciətimi paylaşın və onun yayılmasına çalışın.
Hörmətlə, Tofiq Yaqublu”

01/05/2025

Tofiq Yaqublu həbsinə etiraz olaraq 30 gündür ki, aclıq aksiyası keçirir.

Bu gün 42 sənət adamı birgə bəyanat yayaraq Tofiq Yaqubluya dəstək olublar.

“Tofiq Yaqublu bir Qarabağ qazisi olaraq bizim hamımızın, bütünlükdə Azərbaycanın dəyəridir! Bu torpaqlar uğrunda savaşmış bir qazi kimi ona sahib çıxmalıyıq. Necə ki, o bizim dəyərlərimiz uğrunda, bizim uğrumuzda könüllü olaraq Qarabağ savaşına qatılıb, indi də bizim haqlarımız və rifahımız uğrunda azadlığından olub! Bu gün hamımız bir olub, haqsız həbsi üçün ölüm aclığına başlayan Qazimizi yalnız buraxmamalı, ona dəstək olmalı, azadlığına qovuşması üçün əlimizdən gələni etməliyik!”, - bəyanatda deyilir.

Bəyanatı imzalayanlar arasında Kəramət Böyükçöl, Şahinə Könül, Ayaz Arabaçı, Murad Köhnəqala, Şahinə Könül, Rasim Qaraca, Asif Yusifli, Emil Rasimoğlu kimi şəxslər var.

01/05/2025

Nərgiz öləndə fəryadını içində boğub yumruqlarını düyünləyən adam

Onun ölüm filimində hər kəsin obrazı olacaq.

Tofiq Yaqublu ilə vəkilin hər görüşü sanki bir vida mərasimidir. O, vəkillərlə artıq vəsiyyət edirmiş kimi danışır. İradəsi yerində olsa da, bədəninin aclığa dayanma, dirənmə imkanları tükənmək üzrədir. Onun vəkilə ölürəm deməsi, bu yorğun, bitkin düşmüş, can çəkişən vücudunda ölümün soyuq nəfəsini duymasını göstərir.

Bu ölüm gerçəkləşərsə, o Tofiq bəylə birlikdə məzara getməyəcək, utanca dönüb ölkənin adı qarşısına qara ləkə kimi düşəcək, bədduaya, qarğışa dönüb qara buludlar kimi məmləkətin başı üzərindən asılıb qalacaq.

Tofiq bəyin öləcəyi təqdirdə nə olacağını dartışmağımız, sanki bu ölümü qəbullanmağımız kimi gəlir adama. Ancaq bu ölüm yolçuluğunun sonunda təkcə Tofiq Yaqublunun məzarı deyil, ölkə olaraq bizi içinə çəkəcək nəhəng bir qara dəliyinil dibsiz uçrumu ağzını açıb hamımızı gözləyir.

Bu qnda Nərgizin ölüm səhnəsini xatırladım. Adam yumruqlarını sıxıb övlad dərdini içinə necə gömmüşdüsə, sanki min ilin paslı qıfılı ilə kilidlənmiş dodaqlarından bir kəlmə belə çıxmırdı. İndi isə içində dünyanın ən böyük övlad dərdini uda bilən bu adam ölürəm deyirsə, demək ki, bu nə nalədir, nə əzabdan doğan haray, bu, sadəcə soyuq ağılla bu dünya ilə vida məqamının dilə gətirilməsidir.

Biz isə film kimi hər gün zərrə - zərrə, misqal- misqal ölümə marafon yürüşü edən adamın bu yolu necə getdiyini seyr edirik. Yəqin, gələcəkdə Tofiq Yaqublu haqqında çəkiləcək filimdə onun rolunu oynayacaq aktyor da elə bizim kimi bu ölüm yolçuluğunun hər gününü izləyəcək, öz obrazının zamana dağılan ölüm anını beləcə bir yerə toplamağa çalışacaq. Unutmayaq, o filimdə təkcə Tofiq Yaqublunun obrazı olmayacaq, hər kəs onun ölümü ilə gələcək nəsillərin mühakiməsi qarşısında bu filimdə öz obrazı ilə dirilmiş olacaq.

Fuad Qəhrəmanlı.

14/11/2024

Bu gündən başlayaraq Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim konfransı – COP 29 start götürüb.

Dünya mediasının gözünün Azərbaycanda olduğu bir müddətdə ölkədə 18 nəfəri jurnalist və bloger olmaqla, 300-dən çox insan əsassız ittihamlarla həbsdə saxlanılır. Onlar arasında siyasi fəallar, vətəndaş cəmiyyəti üzvləri, hüquq müdafiəçiləri, dindarlar, milli azlıqlar var.

Həbs edilənlərdən bir çoxu, xüsusilə jurnalistlər qaçaqmalçılıq və çirkli pulların yuyulmasında ittiham edilirlər.

Ölkə prezidenti İlham Əliyevin ailəsinin və yüksək rütbəli məmurların korrupsiya əməllərini araşdıran “Abzas Media”nın 6 əməkdaşı da eyni ittihamlarla 1 ilə yaxındır həbsdə saxlanılırlar.

Jurnalistlər onlara qarşı irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Redaksiyamızın saxta ittihamlarla hazırda həbsdə saxlanılan baş redaktoru Sevinc Vaqifqızıdan Azərbaycana qonaq gələn COP29 iştirakçılarına və vətəndaşlara mesaj var.

14/11/2024

Gürcüstanın Avropayönümlü müxalifəti, oktyabrın 26-da keçirilən mübahisəli seçkinin nəticələrini tanımayaraq, yeni parlamentdən çıxıb. Onlar genişmiqyaslı pozuntular və seçkilərdə Rusiya müdaxiləsinin olduğunu iddia edirlər.

"Vahid Milli Hərəkat" və "Dəyişikliklər uğrunda Koalisiya" partiyaları Mərkəzi Seçki Komissiyasına müraciət edərək partiya siyahılarının ləğvini tələb ediblər. "Dəyişikliklər uğrunda Koalisiya"nın lideri Nina Qvaxariyanın sözlərinə görə, müxalifət bu parlamenti legitimləşdirməyəcək.

Cavab olaraq, hakim "Gürcü arzusu" partiyası, bir neçə müxalifət partiyasının fəaliyyətini qanunsuz elan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bildirib. "Vahid Milli Hərəkat"ı vətənə xəyanətdə suçlayan "Gürcü arzusu" bu iddiaları sübut etməyə hazır olduqlarını vurğulayıb. Daha ətraflı oxumaq üçün şərhdəki linkə keçid edin.

Wollen Sie Ihr Service zum Top-Regierungsdienstleistung in Aachen machen?

Klicken Sie hier, um Ihren Gesponserten Eintrag zu erhalten.

Lage

Adresse

Aachen