12/05/2026
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
Mayın 12-də Slovakiya Respublikasının paytaxtı Bratislava şəhərində “IDEB 2026” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Sərgidə zirehli və hərbi nəqliyyat vasitələri, silah və sursat sistemləri, radar və kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik həlləri, xilasetmə və yanğınsöndürmə avadanlıqları, pilotsuz uçuş aparatları və müşahidə sistemləri, həmçinin müdafiə sənayesi üçün innovativ texnologiyalar nümayiş etdirilir.
Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə baş tutan rəsmi açılış mərasimindən sonra nazir V.Mustafayev müxtəlif ölkələrin stendlərini ziyarət edib, hərbi və müdafiə təyinatlı məhsullarla tanış olub.
Sərgi zamanı V.Mustafayev Slovakiya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinakla görüşüb.
Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər müdafiə sənayesi məhsullarının istehsalı, innovativ texnologiyaların tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, mayın 14-dək davam edəcək “IDEB 2026” sərgisi müdafiə, təhlükəsizlik, eləcə də xilasetmə sahəsində regionun ən böyük beynəlxalq platformalarından biri hesab olunur.
10/05/2026
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Müdafiə Sənayesi Nazirliyinin kollektivi müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabana gedərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüb.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
09/05/2026
Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.
08/05/2026
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
Mayın 8-də Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə konfrans keçirilib.
Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin, Milli Aerokosmik Agentliyinin və Elmi-Tədqiqat İnstitutunun rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.
Öncə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummili Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.
Akt zalında davam edən tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə milli təhlükəsizliyin təmin olunmasını, hərbi potensialın gücləndirilməsini və müdafiə sənayesinin formalaşdırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ulu Öndər Azərbaycanın gələcək inkişafı üçün güclü elmi-texniki bazanın və peşəkar kadr potensialının yaradılmasını hər zaman mühüm amil hesab edib. Dahi Liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində əsaslı addımlar atılıb, ölkənin sənaye imkanlarının artırılması, hərbi təyinatlı məhsulların istehsalı və bu sahədə yerli potensialın formalaşdırılması istiqamətində əməli işlər görülüb. Ulu Öndərin müəyyənləşdirdiyi strateji kurs nəticəsində Azərbaycanda müdafiə sənayesi sahəsində müasir yanaşmaların əsası qoyulub, gələcək inkişaf üçün institusional baza yaradılıb.
Çıxışlar zamanı vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Ümummilli Liderin siyasi kursu uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə son illərdə müdafiə sənayesi müəssisələrinin maddi-texniki bazası gücləndirilib, istehsalat sahələrində müasir texnologiyalar tətbiq olunub, beynəlxalq standartlara uyğun məhsul istehsalı genişləndirilib. Azərbaycanın müdafiə sənayesi məhsulları bir sıra beynəlxalq sərgilərdə nümayiş etdirilir, müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlıq əlaqələri daha da gücləndirilir.
Tədbirin sonunda “Heydər Əliyev 103 il” adlı film nümayiş olunub.
07/05/2026
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən 5-ci “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi davam edir. Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin muavini Hidayət Əzimov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataş, “İstanbul Teknopark”, “Yıldız Teknopark” və “SSTEK” şirkətinin rəhbərliyi, Orta Doğu Texniki Üniversiteti, Yıldız Texniki Universiteti və Gebze Texniki Üniversitetinin rektorları, eləcə də Türkiyənin bir sıra müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.
Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyalı məhsulların inkişafı, birgə araşdırma və təcrübə mübadiləsi imkanları, kadr potensialının artırılıması, ixtisaslı mütəxəssislərin yetişdirilməsi, sənayeləşmə imkanları və sənaye müəssisələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
06/05/2026
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib
Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən 5-ci “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi davam edir. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev sərgi çərçivəsində mayın 6-da Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar, “Aselsan” şirkətinin baş direktoru Ahmet Akyol, “Roketsan” şirkətinin baş direktoru Murat İkinci, “Dearsan” şirkətinin rəhbəri Aziz Yıldırım, həmçinin Vyetnamın Müdafiə Sənayesi Baş İdarəsinin vitse-sədri Duong Van Yen, Oman İnvestisiya Təşkilatının investisiyalar üzrə meneceri və icraçı direktoru Mohamed Al Farsi ilə görüşüb.
Görüşlərdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni imkanların araşdırılması mövzusunda fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı innovativ texnologiyalı məhsulların inkişafı, birgə araşdırma və təcrübə mübadiləsi imkanları diqqət mərkəzində olub.
Beynəlxalq platformalarda iştirakın müdafiə sənayesinin inkişafı, texnoloji yeniliklərin nümayişi və strateji əməkdaşlıq imkanlarının artırılması baxımından önəmli olduğu qeyd edilib, həmçinin kadr hazırlığı, ixtisaslı mütəxəssislərin yetişdirilməsi, sənaye müəssisələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.
05/05/2026
“SAHA 2026” sərgisində müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi çərçivəsində mayın 5-də bir sıra görüşlər keçirib.
Nazir Nigeriyanın müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Gürcüstanın Müdafiə Nazirliyinin Müdafiə Qüvvələri komandanının müavini Zaza Çxaidze, İtaliya Müdafiə Nazirliyinin milli silahlanma direktoru Giacinto Ottaviani, Özbəkistan Müdafiə Sənayesi Agentliyinin birinci müavini Aziz İqamnazarov İşmuradoviç, Yaponiya Müdafiə Avadanlıqları Əməkdaşlıq idarəsinin müşaviri Hideki Fukava və ABŞ-nin “Jones Group” şirkətinin Avropa filialı üzrə əməliyyatlar direktoru Filip Stevart ilə görüşüb.
Görüşlər zamanı müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın vəziyyəti ətraflı təhlil olunub, istehsal imkanları, texnoloji potensial və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb. Bununla yanaşı, yeni tərəfdaşlıq istiqamətləri, o cümlədən müasir və innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
05/05/2026
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir
Mayın 5-də Türkiyə Respublikasının İstanbul şəhərində 5-ci “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
İki ildən bir təşkil olunan sərgidə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 75 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Tədbirdə dünyanın müxtəlif ölkələrinin silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, rabitə vasitələri, döyüş sursatları, zirehli texnika, təyyarələr, pilotsuz uçuş aparatları, sualtı qayıqlar, döyüş gəmiləri və s. sərgilənir.
Qeyd edək ki, sərgi çərçivəsində nazir V.Mustafayevin bir çox ölkələrin rəsmi şəxsləri və şirkət rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
“SAHA 2026” sərgisi mayın 9-da başa çatacaq.
30/04/2026
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 27 il ötür
29/04/2026
Azərbaycan və BƏƏ arasında müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Aprelin 29-da Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyinin Dövlət naziri, Azərbaycan - BƏƏ Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin həmsədri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir müavini onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib, Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Səid bin Mübarək Əl-Haciri göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanla BƏƏ arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. O, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırıb.
Görüş zamanı müdafiə sənayesi sahəsində tərəfdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, birgə layihələrin həyata keçirilməsi imkanları, texnologiya və təcrübə mübadiləsi, eləcə də sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qarşılıqlı səfərlərin təşkili və işgüzar əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.