02/06/2026
Bu gün Gürcüstanın Axalkalaki şəhərində Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə iştirak etdik. Bugünkü tədbir 18 mayda Bakıda Azərbaycan və Gürcüstan rəhbərlərinin iştirakı ilə imzalanmış protokolun məntiqi sonluğudur.
ADY tərəfindən həyata keçirilən genişmiqyaslı modernləşdirmə işləri nəticəsində BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəldilib. Görülmüş işlər Avrasiya məkanında yükdaşımaların sürətinin və etibarlılığının artırılmasına, region ölkələri arasında ticarət əlaqələrinin genişlənməsinə, eləcə də beynəlxalq təchizat zəncirlərinin daha səmərəli fəaliyyətinə mühüm töhfə verəcək.
Bakı–Tbilisi–Qars xətti Azərbaycan, Gürcüstan və Türkiyə arasında uğurlu tərəfdaşlığın nümunəsi olmaqla yanaşı, regionun tranzit potensialının reallaşdırılması üçün Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat arteriyalarından biridir.
01/06/2026
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları, o cümlədən balaca sərnişinlərimizi təbrik edir, təbəssüm dolu günlər arzulayırıq.
28/05/2026
28 May – Müstəqillik Günü tariximizin qürurla yazılmış səhifələrindən biridir.
1918-ci ildə Şərqin ilk demokratik respublikasını yaratmaqla dünya tarixinə silinməz imza atmış xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edir, sarsılmaz birliyimizin güclü və firavan Azərbaycanı yeni uğurlara aparmasını diləyirik.
27/05/2026
Xalqımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, kəsilən qurbanların, edilən duaların və tutulan niyyətlərin Allah dərgahında qəbul olunmasını arzulayıram.
Bu əziz bayram hər bir ocağa ruzi, sevinc və firavanlıq gətirsin.
23/05/2026
ADY Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) urbanizasiya və şəhər transformasiyasında dəmir yollarının roluna həsr olunmuş iki xüsusi sessiya ilə yaxından iştirak edib.
AZCON Holding-in stendində ADY-nin fəaliyyətinin nümunəsi əsasında keçirilmiş sessiyalarda dəmir yolu ilə sərnişindaşımanın regional inkişafı, mobilliyi və iqtisadi artımı necə dəstəklədiyi nümayiş etdirilib. Təqdimatlar zamanı Qarabağ və Şərqi Zəngəzurda dəmir yolu infrastrukturunun yenidən qurulması, o cümlədən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi barədə geniş məlumat verilib, həmçinin ADY-nin 2030-cu ilə qədərki dövrü əhatə edən infrastruktur planlarının Bakı və şəhərətrafı ərazilərdə mobilliyə gözlənilən təsirləri təqdim olunub.
ADY könüllülərin cəlb edilməsi və tədbir iştirakçıları üçün dəmir yolu daşımalarının təşkili ilə də WUF13-ün fəaliyyətini dəstəkləyib.
WUF13-də iştirakımız dəmir yolları vasitəsilə daha əlçatan və dayanıqlı urbanizasiyaya töhfə vermək istiqamətində geniş öhdəliyimizin bir hissəsi oldu.
18/05/2026
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri cənab İrakli Kobaxidzenin iştirakı ilə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi layihəsinin tamamlanması və yekun qəbulu ilə bağlı sənədin imzalanması BTQ-nin yeni mərhələyə keçdiyini, Orta Dəhliz üzrə daha böyük yükdaşıma funksiyasını icra etməyə hazır olduğunu göstərir.
ADY tərəfindən 2024-cü ildə xəttin Gürcüstan hissəsində görülmüş modernləşdirmə işləri nəticəsində illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Yenilənmiş BTQ Azərbaycanın regional logistika mərkəzi kimi xüsusilə Orta Dəhliz üzrə mövqeyini daha da gücləndirir – Azərbaycanı Türkiyə üzərindən Avropa dəmir yolu sisteminə daha güclü şəkildə inteqrasiya edir və ölkəmizi Şərq-Qərb ticarətində etibarlı logistika qovşağına çevirir.
Bu cür iri infrastruktur layihələri Azərbaycanı yalnız tranzit məkanı deyil, regionun yük axınlarını idarə edən və istiqamətləndirən aparıcı logistika platformalarından biri kimi ön plana çıxarır.
15/05/2026
İctimai nəqliyyatda daha bir ilkə imza atdıq. Bu gündən etibarən ADY və AzInTelecom-un əməkdaşlığı ilə dəmir yollarında ilk dəfə SİMA Pay – üztanıma ilə ödəniş sistemi istifadəyə verildi.
İndi sərnişinlərimiz fiziki kart və ya əlavə cihaz olmadan, sadəcə üztanıma texnologiyası vasitəsilə turniketlərdən sürətli və rahat keçid edə bilərlər.
Xidmət ilkin mərhələdə Bakı və Sumqayıt vağzallarında və Koroğlu dayanacağında tətbiq olunur. Bu yenilik sərnişin rahatlığını artırmaqla yanaşı, ödəniş prosesində təhlükəsizlik və çevikliyi də yeni səviyyəyə yüksəldir.
Bununla da dünyanın qabaqcıl “Face Pay” təcrübəsini Azərbaycanda tətbiq etməklə rəqəmsal nəqliyyat ekosisteminin inkişafına növbəti töhfəni vermiş oluruq.
10/05/2026
Müstəqil Azərbaycan gücünü Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən, strateji ideyalarından, təkrarolunmaz vətənpərvərliyindən və xalqa bağlılığından alır.
Bu gün hər birimiz onun uzaqgörən siyasətinin uğurlu davamı ilə yeni nailiyyətlərə doğru addımlayır, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edirik.
09/05/2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla andıq, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini dərin hörmətlə yad etdik.
08/05/2026
Bu gün Bakı şəhərində dayanıqlı mobilliyin inkişafı istiqamətində növbəti mühüm addım atdıq – Abşeron dairəvi dəmir yolu üzərində Dərnəgül dayanacağını istifadəyə verdik.
Yeni dayanacaq sərnişinlərə daha sürətli, rahat və əlçatan nəqliyyat imkanı təqdim etməklə yanaşı, şəhər mərkəzində nəqliyyat sıxlığının azaldılmasına və ictimai nəqliyyat şəbəkəsinin inteqrasiyası ilə multimodal sərnişindaşımaya töhfə verəcək.
Dərnəgül dayanacağının strateji yerdə yerləşməsi sayəsində şəhərin müxtəlif istiqamətlərindən gələn sərnişinlər artıq mərkəzə daxil olmadan metro və avtobus şəbəkəsinə daha rahat çıxış imkanı əldə edəcəklər.
Eyni zamanda, Dərnəgüldən mərkəzə gəlmək üçün cəmi 10 dəqiqə kifayət edəcək. İlkin mərhələdə bu dayanacaqdan illik 200 min, 2030-cu ilədək isə 500 min sərnişinin istifadə etməsi gözlənilir.
Bu yeniliklə Abşeron dairəvi marşrutu üzrə stansiya və dayanacaqların sayı artıq 15-ə çatdı. Qarşıdakı illərdə isə yeni xətlərin bərpası, əlavə dayanacaqların inşası və müasir sərnişin qatarlarının alınması ilə Bakıətrafı dəmir yolu nəqliyyatının əhatə dairəsi daha da genişləndirməyi hədəfləyirik.
Vətəndaşlarımız üçün daha təhlükəsiz, rahat və müasir nəqliyyat sistemi qurmaq üçün layihələrin icrasını davam etdirəcəyik.