03/06/2026
Uşaqlarda şəkərli diabetin ilkin əlamətləri
Uşaqlarda şəkərli diabet endokrin sistemin geniş yayılmış metabolik xəstəliklərindən biridir. Xəstəliyin erkən mərhələdə müəyyən olunması müalicə tədbirlərinin vaxtında başlanmasına və ağırlaşma riskinin azaldılmasına imkan yaradır.
İlkin klinik əlamətlər əksər hallarda tədricən formalaşır və gündəlik dəyişikliklərlə qarışdırıla bilər. Bu səbəbdən valideynlərin simptomlara qarşı diqqətli olması xüsusi əhəmiyyət daşıyır.
Şəkərli diabetin ilkin əlamətləri bunlardır:
🔹 Tez-tez sidiyə getmə;
🔹 Həddindən artıq susuzluq hissi;
🔹 İştahanın artmasına baxmayaraq çəki itkisi;
🔹 Daimi yorğunluq və halsızlıq;
🔹 Görmənin bulanıqlaşması;
🔹 Dərinin quruluğu.
ℹ️ Sadalanan əlamətlər müşahidə olunduqda vaxtında tibbi müayinədən keçilməsi uşaqlarda şəkərli diabetin erkən diaqnostikasına və xəstəliyin effektiv idarə olunmasına şərait yaradır.
02/06/2026
Erkən nikah: gələcəyi məhdudlaşdıran qərar
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, yalnız 18 yaşdan yuxarı şəxslər rəsmi nikaha daxil ola bilərlər. Erkən nikah uşaqların fiziki, psixoloji və sosial inkişafına birbaşa təsir göstərir. Uşaqlıq dövründə verilən qərarlar onların gələcək həyat keyfiyyətini müəyyən edir.
ℹ️ Erkən nikah uşağın təhsil imkanlarını məhdudlaşdıra, sağlamlığına mənfi təsir göstərə və onun azad seçim hüququnu zəiflədə bilər.
Bu səbəbdən erkən nikahın qarşısının alınması üçün maarifləndirmə və vaxtında müdaxilə vacibdir.
01/06/2026
Respublika Pediatriya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib
Tədbirdə iştirak edən TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova, Respublika Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov, Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev və digər rəsmi şəxslər çıxış edərək uşaqların sağlamlığının qorunmasının və pediatrik xidmətlərin inkişafının əhəmiyyətindən danışıblar.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirin keçirilməsində məqsəd Uşaq Nevroloji Xəstəxanasında müalicə alan uşaqların asudə vaxtının səmərəli təşkili, onların psixoloji dəstəklənməsi, eləcə də tibb işçilərinin peşəkar inkişafına töhfə verməklə pediatrik xidmətlərin keyfiyyətinin artırılmasına dəstək göstərmək olub.
Daha ətraflı: https://tabib.gov.az/media/press-reliz/199
01/06/2026
“Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə TƏBİB, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Respublika Pediatriya Mərkəzinin dəstəyi, Yeni Klinikanın təşkilatçılığı ilə “Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib.
Layihə çərçivəsində uşaqlar üçün tibbi müayinələr və müxtəlif maarifləndirici sessiyalar təşkil olunub. Tədbirin əsas məqsədi uşaqlarda erkən diaqnostikanın təşviqi, eləcə də valideynlərin tibbi maarifləndirilməsinə dəstək göstərilməsi olub.
Bakı Fotoqrafiya Evində keçirilən tədbirdə həkim-mütəxəssislər tərəfindən pediatrik, oftalmoloji və otorinolarinqoloji müayinələr aparılıb, uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib. Eyni zamanda valideynlərə profilaktik tədbirlər və sağlam həyat tərzi ilə bağlı tövsiyələr verilib.
Bununla yanaşı, iştirakçılar üçün maarifləndirici sessiyalar təşkil olunaraq uşaq üçün təhlükəsiz ev mühiti, rəqəmsal asılılıq, uşaqlarda sağlam inkişaf, düzgün qidalanma, fiziki aktivlik və digər mövzularda məlumatlar təqdim edilib.
50-yə yaxın uşağın iştirak etdiyi layihə çərçivəsində müxtəlif oyunlar, əyləncəli proqramlar və yaradıcı fəaliyyətlər də təşkil olunub. Balacalar həm də xoş, rəngarəng və yaddaqalan anlar yaşayıb.
01/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik!
Uşaqların sağlam, təhlükəsiz və xoşbəxt böyüməsi cəmiyyətimizin prioritet məsələlərindəndir. Onların sağlamlığının qorunması, keyfiyyətli tibbi xidmətlə əhatə olunması və parlaq gələcəyinin təmin edilməsi hər birimizin ortaq məsuliyyətidir.
Bütün uşaqlara sağlam, qayğısız və sevinc dolu bir ömür arzulayırıq!
01/06/2026
Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.
31/05/2026
Tütün məhsullarının istifadəsi ürək-damar, tənəffüs sistemi və onkoloji xəstəliklərin yaranma riskini əhəmiyyətli dərəcədə artırır. Hətta siqaret tüstüsünə passiv məruz qalmaq belə sağlamlıq üçün ciddi təhlükə yaradır.
🚭 Tütündən uzaq hər gün daha sağlam nəfəs, daha keyfiyyətli həyat və daha uzun ömür deməkdir.
Sağlam gələcək naminə tütündən imtina edin, özünüzün və yaxınlarınızın sağlamlığını qoruyun!
30/05/2026
30 May – Beynəlxalq Dağınıq Skleroz Günüdür. 🧠
Dağınıq skleroz mərkəzi sinir sisteminin (baş və onurğa beyninin) xroniki iltihabi xəstəliyidir. Xəstəlik sinir liflərini qoruyan mielin qişasını zədələyərək sinir impulslarının ötürülməsini çətinləşdirir.
Nəticədə hərəkət və müvazinət pozğunluqları, görmə problemləri, hissiyyat dəyişiklikləri və digər nevroloji əlamətlər meydana çıxa bilər.
ℹ️ Erkən diaqnoz və vaxtında başlanılan müalicə xəstəliyin gedişatını nəzarətdə saxlamağa və ağırlaşmaların qarşısını almağa kömək edir.
Dağınıq sklerozla mübarizədə ən vacib addım vaxtında həkimə müraciətdir.
Sağlamlığınızı diqqətdən kənarda qoymayın!