06/05/2026
“Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan təcrübəsi paylaşılacaq
5–7 may tarixlərində İtaliyanın Milan şəhərində Times Higher Education (THE) beynəlxalq reytinq agentliyinin təşkilatçılığı ilə “Avropa Universitetlərinin Sammiti” keçirilir.
Ali təhsildə Avropanın rolunun gücləndirilməsi mövzusuna həsr olunan sammitdə 30-dan çox ölkədən 160-dan artıq ali təhsil müəssisəsini təmsil edən 300-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulur.
Tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq, ali təhsildə fənlərarası yanaşmalar, sahibkarlığın inkişafı, tədqiqat əsaslı innovasiyalar, universitetlərin qlobal rəqabətliliyinin artırılması və beynəlmiləlləşmə strategiyaları kimi mövzular ətrafında müzakirələr aparılacaq.
Sammitdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, eləcə də Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı planlaşdırılır. Tədbir çərçivəsində məzunların məşğulluq imkanlarının genişləndirilməsi və ali təhsildə beynəlmiləlləşmə strategiyalarının həyata keçirilməsi istiqamətində Azərbaycan təcrübəsinin beynəlxalq auditoriyaya təqdim olunması gözlənilir.
Qeyd edək ki, “Avropa Universitetlərinin Sammiti” ali təhsil sahəsində aparıcı universitetləri, qərarvericiləri və ekspertləri bir araya gətirərək Avropa ali təhsil məkanının inkişaf perspektivləri üzrə fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayır.
05/05/2026
“Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir” beynəlxalq konfransı keçirilir
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir” adlı iki günlük beynəlxalq konfrans keçirilir.
Konfransın məqsədi ali təhsil sistemlərinin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə, eləcə də əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun bacarıqların inkişafı istiqamətində fikir mübadiləsinin aparılmasıdır.
Tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri ilə yanaşı, 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspert iştirak edir.
Konfransda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Universitetinin prorektoru Bakıt Altınbaşov çıxış ediblər.
Çıxışlarda ali təhsilin qarşısında duran müasir çağırışlar, o cümlədən rəqəmsallaşma, süni intellektin təhsilə inteqrasiyası, tədrisin keyfiyyətinin artırılması, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, innovasiya və tədqiqat fəaliyyətinin inkişafı, həmçinin qlobal rəqabət şəraitində milli ali təhsil sistemlərinin mövqeyinin möhkəmləndirilməsi məsələləri diqqətə çatdırılıb.
Açılış mərasimindən sonra konfrans işini plenar sessiyalar və müxtəlif tematik istiqamətləri əhatə edən bölmə iclasları ilə davam etdirib.
02/05/2026
Qırğızıstan tələbələri üçün Azərbaycanda təhsil imkanlarına dair infosessiya keçirilib
Qırğız Milli Universitetinin tələbələri üçün Azərbaycanda təhsil imkanlarına dair onlayn infosessiya təşkil olunub.
İnfosessiyada “Study in Azerbaijan” layihəsinin əməkdaşı Aida Əliyeva Azərbaycanın ali təhsil sistemi, ölkəmizdə xarici tələbələr üçün yaradılan imkanlar, təhsil mühiti və beynəlxalq tələbələrə təqdim olunan dəstək mexanizmləri barədə məlumat verib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Sona Bağırova isə Qırğız Respublikası vətəndaşlarının Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Azərbaycanda təhsil imkanları, müraciət qaydaları və ayrılan kvotalar haqqında iştirakçıları məlumatlandırıb.
Görüş zamanı tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən, hər il Qırğız Respublikası vətəndaşlarının Azərbaycan ali təhsil müəssisələrində bakalavriat səviyyəsində təhsil almaları üçün 5 kvota yeri ayrılır.
01/05/2026
Agentliyin direktoru vətəndaşları qəbul edib
Aprelin 30-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova tərəfindən vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşların tələbələrin köçürülməsi, işlə təmin olunma, təhsil sənədləri, elmi müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Müraciətlər, o cümlədən şikayət və təkliflər diqqətlə dinlənilib, qaldırılan məsələlərə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq izahatlar verilib, bəzi müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində vətəndaş qəbulu həftəiçi 5 gün, saat 09:00-dan 18:00-dək həyata keçirilir. Rəhbər vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəsi ilə yalnız iş günləri və iş saatları ərzində əlaqə saxlamaq mümkündür.
30/04/2026
“SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib
Aprelin 29-da Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında “SABAH.city” innovasiya şəhərciyində yerləşəcək ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Bakı Dövlət Universitetinin rektorları, Yüksək Texnologiyalar Parkının rəhbər heyəti, SABAH.HUB İnnovasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, eləcə də adıçəkilən qurum və müəssisələrin nümayəndələri iştirak ediblər.
Görüş zamanı iştirakçılara “SABAH.city” layihəsinin əhəmiyyəti, indiyədək görülmüş işlər, şəhərciyin hazırkı inkişaf mərhələsi və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib. Həmçinin innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar diqqətə çatdırılıb.
Görüşdə “SABAH.city” ilə ali təhsil müəssisələri arasında qısamüddətli və ortamüddətli əməkdaşlıq planı, yeni yaradılacaq laboratoriyaların təyinatı, eləcə də şəhərcikdə gələcək fəaliyyətin təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Sonda görüş iştirakçıları “SABAH.city” innovasiya şəhərciyinin birinci fazası üzrə tikinti ərazisi ilə tanış olublar.
28/04/2026
Qazaxıstanda təqaüdlə təhsil imkanı
Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edilir.
Təqaüd proqramı “Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir.
Proqram çərçivəsində Azərbaycan vətəndaşlarına Qazaxıstanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradılır.
Təqaüd proqramına müraciət üçün son tarix 22 may 2026-cı il müəyyən edilib.
Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz:
https://htp.edu.az/uploads/fileuploads/2026/04/eec76e77c4ef49fc99be6142a457f6c4.pdf
27/04/2026
YTB nümayəndə heyəti ilə görüş keçirilib
Aprelin 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Türkiyə Respublikasının Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Türkiyədə təqaüdlü ali təhsil imkanları, bu ölkədə təqaüdlə təhsil alan Azərbaycan vətəndaşlarının təhsil prosesi, eləcə də müvafiq istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər, həmçinin YTB tərəfindən irəli sürülən və Türk dünyasında ali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyən “Ortaqlıq Sertifikat Proqramı – ORTAK” layihəsi ətrafında fikir mübadiləsi aparıblar. Layihənin icra perspektivləri, mümkün əməkdaşlıq formatları və birgə fəaliyyət imkanları nəzərdən keçirilib.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və ali təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından faydalı olub.
27/04/2026
Kollecin yeni direktoru kollektivə təqdim olunub
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyin edilən direktor Səbuhi Qurbanov kollektivə təqdim olunub.
Səbuhi Qurbanov bakalavr təhsilini Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə alıb.
O, əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. Daha sonra həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli tam orta məktəbdə direktor vəzifələrində çalışıb, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi kimi fəaliyyət göstərib.
Səbuhi Qurbanov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Qeyd edək ki, Səbuhi Qurbanov 2025-ci ildən son təyinatadək Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.