01/06/2026
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Yasamal rayonunda qeyd olundu
Yasamal rayonu 17 saylı körpələr evi-uşaq bağçasında balacaların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda tərbiyə olunmalarını əks etdirən, bir-birindən maraqlı, milli dəyərlərimizi təlqin edən yaddaqalan əl işlərindən ibarət sərgi və rəqslər nümayiş etdirildi, musiqi və şer kompozisiyaları səsləndirildi.
Tədbirin sonunda uşaqlara Yasamal Rayon Icra Hakimiyyətinin və uşaq bağçasının hədiyyələri təqdim olundu.
28/05/2026
28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026
Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.
Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.
Əziz bacı və qardaşlarım!
Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
26/05/2026
Yasamal rayonunda yeni uşaq bağçası istifadəyə verildi.
Paytaxtın Yasamal rayonunda, MİDA Yaşayış Kompleksinin ərazisində 351 nömrəli uşaq bağçası istifadəyə verilib.
Bağçanın açılış tədbirində Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahə Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, müəllimlər, valideynlər iştirak etdilər.
Tədbirdə çıxış edənlər uşaq bağçasının fəaliyyətinə uğurlar arzulayaraq ökəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi məktəbəqədər təhsilin davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsi olduğundan və məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirildiyindən söz açdılar.
26/05/2026
Qurban bayramı ərəfəsində şəhid ailələri ilə görüş təşkil olundu
Mayın 25-də Beynəlxalq Qadınlar Klubunun dəstəyi ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçirildi.
Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dəyirmi masada Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Samir İsmiyev, Beynəlxalq Qadınlar Klubunun sədri-Hind Klinikasının direktoru xanım Racani Çandra DMello, klubun üzvləri, Yasamal Rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Sara Xatun İctimai Birliyinin sədri Pərvanə Abbasova, Şəhid ailələrinin üzvləri və qazilər iştirak etdilər.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətli mövqeyindən, Azərbaycan Ordusunun rəşadətindən, Vətən uğrunda canlarını fəda etmiş mərd oğullarımızın hünərindən söz açaraq, qəhrəman şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasından danışdılar.
Sonda Şəhid ailələrinə və qazilərə Beynəlxalq Qadınlar Klubunun hədiyyələri təqdim olundu.
25/05/2026
Yasamal rayon ictimaiyyəti Müstəqillik Gününü qeyd edir
Bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli toplantı keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ziyalılar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində iştirakçılar Azərbaycan dövlətçiliyinin tarixinə və milli müstəqillik ənənələrinə həsr olunmuş sərgi ilə tanış olublar. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin giriş hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayaraq, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyətin milli dövlətçilik ənənələrinin formalaşmasında müstəsna rol oynadığını bildirildi.
Daha sonra çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən geniş bəhs edib. O bildirib ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın yaradılması yalnız Azərbaycanın deyil, bütün türk və müsəlman dünyasının tarixində mühüm hadisə idi. Anar İsgəndərov qeyd edib ki, həmin dövrdə qəbul olunan qərarlar, yaradılan parlament ənənələri, qadınlara seçki hüququnun verilməsi və milli dövlət atributlarının təsis olunması Azərbaycanın demokratik inkişaf yolunun əsasını qoyub.
Daha sonra Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərman, təltif və sertifikatlar təqdim olunub. Təntənəli tədbir bədii hissə ilə yekunlaşıb.
25/05/2026
Yasamal rayonunda davam edən yaşıllaşdırma və abadlıq işləri cərcivəsində küçə və prospektlərdə mövsümi güllər əkilir, yaşıllıq sahələrinə qulluq göstərilir.